Allergiya – ətraf mühitin allergen adlandırılan bəzi faktorlarının (kimyəvi maddələrin, mikroorqanizmlərin və onların həyat fəaliyyəti məhsullarının, qida maddələrinin və s.) təsiri ilə əlaqədar orqanizmin qeyri-adi (qabarıq) cavab reaksiyasıdır. Alimlərin tədqiqatlarına əsasən planetimizin hər yeddi adamından biri allergiyaya düçardır, başqa sözlə, gündəlik həyatda rast gəlinən hər hansı bir təsirə qarşı yüksək hissiyata malikdir. Ən çox yayılmış təsiredici amillər – qida məhsulları, bitki mənşəli tozcuqlar və ev tozudur. Bununla yanaşı yüzlərcə digər allergen adlandırılan amillər mövcuddur ki, bunlara dəri məmulatları, heyvan yunu, kəpək, quş lələyi, kosmetika, məişət kimyası, dərmanlar, bəzi bitki yağları, günəş şüası aiddir. Allergenlərin orqanizmə daxil olma yolları müxtəlifdir. Məsələn, onlar orqanizmə dəridən, tənəffüs və qida yolları vasitəsilə keçirlər.