Çox sadə istəyi var. O, bütün uşaqları xoşbəxt görmək istəyir. İnsanları uşaqlara daim qayğı göstərməyə, onları qorumağa, müdafiə etməyə, cəmiyyətin fəal iştirakçısı, fəal üzvü etməyə çağırır. Bütün çıxışlarında bunu dilə gətirir. İstəyir ki, heç bir uşaq valideyn qayğısından məhrum olmasın, ağır xəstəliklərdən əziyyət çəkməsin, hər bir uşaq doğmalarının əhatəsində sağlam böyüsün və onun yaddaşında dərin iz qoyacaq problemlərlə üzləşməsin. Onların əsl vətənpərvər, Vətənini və onun ənənələrini sevən və hörmət edən layiqli vətəndaş kimi böyüməsini istəyir: “Mənim arzum odur ki, Azərbaycanda hər bir uşaq xoşbəxt olsun. Ona görə də biz sizləri-bizim uşaqlarımızı, balalarımızı məhəbbətlə, hörmətlə, mərhəmətlə, diqqətlə böyütməliyik. Aydındır ki, siz hələ həyatınızın başlanğıcındasınız. Hər birinizin qarşınızda böyük yol, böyük həyat var. Bu həyatda, bu yolda sevinclə, xoş anlarla, qələbələrlə yanaşı, sizi çətinliklər də, problemlər də gözləyir. Ona görə də bu gün biz böyüklər sizi elə böyütmək istəyirik ki, sizə elə tərbiyə vermək istəyirik ki, sabah əsl insan, əsl vətəndaş, əsl şəxsiyyət olasınız”. Mehriban Əliyeva
